Bu, Fələstinlə İsrailin müharibəsidir... - Tofiq Zülfüqarov

18:38 03.08.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarovla hafta.az üçün növbəti söhbətimizdə  “HƏMAS”ın siyasi qanadının lideri  İsmayıl Haniyənin Tehrandakı  xüsusi iqamətgahında raket zərbəsi ilə qətlə yetirilməsi və həmin olayın regiondakı hadisələrə mümkün təsiri, Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın İsrailə xitabən "Biz Qarabağa, Liviyaya necə girdiksə, bunun eynisini onlara da edərik" söyləməsi və ona rəsmi Təl-Əvivdən gələn cavab, respublikaçı namizəd  Donald Trampa sui-qəsddən sonra ABŞ-dəki seçkiqabağı durum və bu ölkədə gözlənilən seçkilərin nəticələrinin dünya və ayrıca Azərbaycana təsiri, həmçinin Azərbaycan–Ermənistan sülh danışıqlarının perspektivi və s. haqda danışdıq.

– Yaşadığımız həftənin planetin xeyli hissəsində gərginlik yarada biləcək diqqətəlayiq hadisələrindən biri də iyulun 30-da Tehranda İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edən “HƏMAS”ın siyasi qanadının lideri  İsmayıl Haniyənin öz xüsusi iqamətgahında raket zərbəsi ilə qətlə yetirilməsi oldu. Bu olay haqqında gəldiyiniz ilkin nəticələr nədən ibarətdir və onun regionda baş verənlərə təsiri haqda nə düşünürsüz?

– Düzü, bir qədər gözlənilməz olduğu qədər də maraqlı hadisədir. Detalları rəsmən tam açıqlanmamış onu şərh etmək də xeyli dərəcədə çətindir. Amma İsraildən rəsmi reaksiya gəlməsə də, “HƏMAS” liderinin qətlində böyük ehtimalla onun əli var. Bununla belə, digər ziddiyyətli məqam ondan ibarətdir ki, “HƏMAS” tarixən İranla bir o qədər də yaxın əlaqələrdə olmayıb. Əksinə, 2023-cü il 7 oktyabr hadisələrinədək bu qruplaşmanın İsrailin proksisi olması haqda informasiyalar səslənirdi. Tarixən baxanda “HƏMAS”ın doğrudan da İsraillə geniş əlaqələrə malik olduğu üzə çıxır. Və məhz Fələstin administrasiyası tərəfindən “HƏMAS”ın İsrailin proksisi olması haqqında bəyanatlar səslənirdi. Və deyilirdi ki, bu qruplaşmanın əsas məqsədi Fələstin əraziləri ilə İordan çayının qərb sahilini və Qəzzanı birləşdirmək olub. O vaxtlar “HƏMAS” Fələstin administrasiyasına qarşı üsyan qaldıraraq bir neçə fələstinli fəalı şikəst ediblər. Lakin o da maraqlıdır ki, həmin müddətdə İsrail “HƏMAS”ın hakim olduğu Qəzzaya elektrik enerjisi  və su ötürürdü, birgə iqtisadi proqramları vardı... Bir sözlə, xeyli ziddiyyətli və mürəkkəb vəziyyətdir. Yəni biz bir çox məqamları dərindən bilmirik. Bu mənada, demək olar ki, İsmayıl Haniyə özü ilə bərabər bir çox sirləri də apardı... Əvvəllər sizinlə söhbətlərimizdə xatırlatdığım digər diqqətəlayiq məqamı da bir daha xatırlatmaq istərdim. İsrailə 7 oktyabr hücumundan sonra “HƏMAS”ın əsas liderləri Qətərdə qərargah qurublar. O Qətərdə ki, orada ABŞ-nin Yaxın Şərqdəki ən böyük hərbi bazası yerləşir... Bu da bir az qəribə görsənən məsələdir... Bütün hallarda İsrail Qəzzada “HƏMAS”a qarşı savaşı başladandan bəri həmin qruplaşmanın bütün strukturlarını dağıdacağını rəsmən bəyan edib. Həm də ona görə ki, Qəzzada yüzlərlə yəhudi girov saxlandığı bildirilirdi. Bu yaxınlarda isə İsrail ordusu əməliyyat zamanı həmin girovlardan 4-nün meyitini aşkar etdi. Yəni proses davam edir. İsrail tərəfinin məlumatına görə, “HƏMAS”ın əlində hələ də 20-yə yaxın girov var...

– Sizcə, “HƏMAS” liderinin qətli İranla İsrail arasında ötən dəfəkindən də geniş növbəti hərbi əməliyyatlara təkan verə bilərmi?

– Əslinə qalsa, iki ay bundan öncə İranın birbaşa ölkə ərazisinə raket zərbələrindən sonra İsraildə  hərbi vəziyyət hələ də rəsmən ləğv olunmayıb.  Ona görə də bundan sonra hər şey gözləmək olar... Bundan əvvəl də İsrailin İran ərazisində xüsusən guya nüvə silahının yaradılmasıyla məşğul olan nüvə fiziklərinə qarşı xüsusi əməliyyatları həyata keçirilib.  Həmçinin “Mossad” İranın nüvə proqramına aid dövlət arxivini həmin ölkədən yük maşınlarıyla çıxararaq İsrailə gətizdirib. Bir sözlə, iki ölkə arasında hibrid müharibəsi davam edir... Haniyənin qətlini də ilk baxışdan növbəti qisas əməliyyatı kimi xarakterizə etmək olar...  

– O da maraqlıdır ki, hadisədən cəmi iki gün öncə - iyulun 28-də Türkiyə prezidenti  Rəcəb Tayyib Ərdoğanın məlum bəyanatından sonra Ankara ilə Təl-Əviv arasında siyasi gərginliyin yeni dalğası başlayıb...

– Doğrusu, onu başa düşmürəm ki, ərəb dövlətləri Qəzzaya, Fələstinə görə səslərini çıxarmır, Türkiyə isə bu məsələdə daha çox fəaldır. Açığı, İsrailə də qarşı belə siyasəti nəinki Türkiyə,  Azərbaycan üçün düzgün hesab etmirəm. Иiz yaxşı bilirik ki, - bəlkə Türkiyədə yadlarından çıxarıblar, - XX əsrin əvvəlində “fələstinli” deyilən ərəblər Britaniyanın dəstəyi ilə Qüdsdə Osmanlı dövlətinə qarşı üsyan qaldıranda yüzlərlə türk əsgərini əsir götürdükdən sonra “bunlar da müsəlmandır” deyərək onları öldürməyiblər, əvəzində vəhşicəsinə gözlərini çıxarıblar...

Bir sözlə, bölgədə konkret nə baş verdiyini anlamaq olmur. İnanmıram ki, bunlar Türkiyənin xeyrinə olan addımlardır. Azərbaycan isə Türkiyə ilə qardaş, dost olmaqla yanaşı, İsraillə də yaxın müttəfiq münasibətlərindədir. Amma bu, o demək deyil ki, biz özümüzə zərər gətirən hansısa addımlar atmalıyıq...

 Fələstin xalqı ilə həmrəyliyə gəldikdə, mənə elə gəlir ki, onlar Qarabağ savaşları zamanı bizimlə necə həmrəy olublarsa, biz onlardan qat-qat artıq həmrəy olmuşuq...

Ümumiyyətlə, biz görürük ki, dünyada ciddi proseslər gedir. ABŞ-də də İsrailə münasibətdə siyasi elita, demək olar ki, bölünüb. Məsələn, prezidentliyə mümkün namizəd, hazırkı vitse-prezident Kamala Xarris Fələstinə dəstək verən bəyanatlar səsləndirir. Və s. və i.a.

– Belə bir məqamda konkret olaraq Azərbaycan dövləti hansı mövqeni tutmalıdır?

– Hesab edirəm, müsəlman ölkəsi olaraq biz yalınız bir məsələdə israrlı olmalıyıq. Üç dinin şəhəri sayılan Qüdsün və “müqəddəs torpaqlar”ın statusu barədə mövzu daha qabarıq şəkildə gündəmə gəlməlidir. Dünyanın əksəriyyəti üçün Yaxın Şərq problemi dedikdə, məhz bu məsələ və Fələstin–Qəzza məsələsi nəzərdə tutulur. Azərbaycan Qüdsün xüsusi statusu məsələsində həmrəy olmalıdır. Fələstin dövlətinin sərhədlərinin harada olacağı bizim üçün önəm daşımır. Fələstin hökuməti İsraillə bu mövzuda danışıqlar aparanda zaman-zaman böyük güzəştlər edib – Oslo razılaşmaları və s. Onları indi şərh etmək istəməzdim. İordan çayının Qərb sahili ərazisinin 50 faizindən çoxu İsrailin nəzarəti altındadır. Buna razılığı Fələstin administrasiyası verib. Bu və digər səbəblərdən bu, Fələstinlə İsrailin öz müharibəsidir. Odur ki, Azərbaycan dövləti bu məsələdə maksimum neytral mövqedə dayanmağa çalışmalıdır... Lakin öncə dediyim kimi, hesab edirəm ki, Qüdsün statusu mövzusu bizim də maraq dairəmizdə ola bilər...

– Respublikaçı namizəd  Donald Trampa sui-qəsddən sonra ABŞ-dəki seçkiqabağı durumu necə xarakterizə edərdiniz?

– Birincisi, onu qeyd etmək lazımdır ki, demokratların əlində olan administrativ resurslar tam şəkildə Trampa qarşı yönəlib və onun əleyhinə ciddi qüvvələr cəmləşib. ABŞ-də respublikaçı namizədin ümid etdiyi böyük bir təbəqə var ki, onlar Ağ evin hazırkı demokrat rəhbərliyindən narazıdırlar: həm xarici, həm də daxili siyasətdən. Və bu baxımdan vəziyyət heç də birmənalı deyil.  Görürük ki, müxtəlif mənbələr guya reytinq sorğularında Xarrisin Trampı qabaqlaması haqda məlumatlar sızdırır. Belə informasiyalara çox da əhəmiyyət vermək lazım deyil. Amerikada sorğuların nəticələri, belə deyək, siyasi oyunun bir hissəsidir. Məsələlər, əsasən, ştatlar səviyyəsində həll olunacaq. Ona görə ki, əvvəla, ənənəvi olaraq demokratlara və ya respublikaçılara səs verən ayrı-ayrı ştatlar var. İkincisi də onu anlamalıyıq ki, ABŞ-də prezident birbaşa adi seçicilər tərəfindən seçilmir. Orada namizədlərə hər bir ştatdan əhalinin sayına görə müəyyən olunmuş xüsusi seçici nümayəndələr səs verir.  Belə ki, hər iki namizəd seçki kollegiyasının səslərini qazanmaq üçün də mübarizə aparır. Hər bir ştatda əhalinin sayına görə müəyyən miqdarda kollegiya üzvləri var. Namizədlər seçkidə qələbə qazanmaq üçün 538 kollegiya üzvünün, an azı, 270-nin səsini toplamalıdır... 

Bir sözlə, hiss olunur ki, ABŞ-dəki budəfəki prezident seçkiləri çox gərgin olacaq. Ötən 2020-ci il seçkilərində də gördük ki, Trampın onu qalib hesab edən tərəfdarları Kapitolidə iğtişaşlar yaratdılar. Və indi də hiss olunur ki, Amerika cəmiyyəti kəskin şəkildə iki hissəyə ayrılıb. Ona görə də seçkilər heç də asan olmayacaq...

Onu da deyim, burada xarici təsirləri də istisna etməməliyik. Nə mənada? Görürük ki, Avropa qurumları daha çox demokratlara dəstək verirlər və bunu gizlətmirlər. Burada əsas o söhbətlər rol oynayır ki, guya Tramp Rusiyaya- Putinə yaxındır. Hesab edirəm, bu o qədər də ciddi söhbət deyil və siyasi mübarizənin bir hissəsidir... Məsələ ondadır ki, son vaxtlar güclü qlobal oyunlar gedir. Həmin oyunların tərəfdarları və əleyhdarları toqquşmaq üzrədirlər. Və hesab edirəm ki, ABŞ-dəki seçkilər də bu toqquşmanın vacib bir hissəsidir. Odur ki, bu seçkilərə qlobal bir təzsiredici hadisə kimi baxmalıyıq...

– Böyük ehtimalla, Demokratlar Partiyasından prezidentliyə namizədliyi təsdiqlənəcək hazırkı vitse-prezident Kamala Xarrisin Tramp üzərində qələbə şanslarını necə dəyərləndirirsiz?

– Kamala Xarris Tramp əleyhinə olan dairələrin, ümumi adlandırsaq, demokratların nümayəndəsidir.  Və gördük ki, Bayden namizədliyindən vaz keçdikdən sonra onun tərəfdarları Xarrisin tərəfinə keçdi. Bunlarla yanaşı, ABŞ prezidentliyinə artıq mümkün namizəd olan bu xanım siyasətçinin bir sıra üstünlükləri var. Ən əsası, o, milli azlıqları təmsil edən bir insandır. Amerikadakı milli azlıqlara münasibətdəki mövqeyi də ona bəzi dəstəklər qazandıracaq. Bunu istisna etmək olmaz. Hər halda gözləyək, görək, nə baş verəcək.  Yenə də deyirəm: payızda Amerikada bütün dünyadakı proseslərə təsir göstərə bilən çox gərgin bir dövr yaşanacaq...

– ABŞ-dəki seçkilərdə respublikaçı Donald Trampın,  yaxud Kamala Xarrisin və ya digər demokrat namizədin prezident seçilməsi Azərbaycan–ABŞ münasibətlərinə və ümumiyyətlə, Güney Qafqazdakı proseslərə, o cümlədən Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarına nə dərəcədə və necə təsir göstərə bilər?

– Trampın qələbə çalmasını qlobal yəhudi güclərinin daha da güclənməsi kimi xarakterizə etmək olar. Bilirsiniz ki, Qəzzada baş vermiş qətliamlardan sonra ABŞ və bəzi digər dövlətlərlə İsrail arasında gərgin bir vəziyyət mövcuddur. Bundan əlavə, İranın ABŞ demokratlarıyla münasibətləri fərqlidir. İki ölkə arasında danışıqlar olacağı haqda bəyanatlar səslənir.

Əlbəttə, biz görürük ki, Amerikadakı seçkilərin nəticələri istər-istəməz birbaşa olmasa da, dolayısıyla Azərbaycana da təsir göstərəcək. O da aydındır ki, Bayden administrasiyası ən ermənipərəst administrasiyalardan biridir. O biri tərəfdən də Ağ Evin Türkiyə ilə də münasibətləri düzəlmir. Trampın prezidentliyi dövründə isə o, Ərdoğana aid dəstəkverici bəyanatlar səsləndirirdi, deyirdi ki, ona hörməti var. Bütövlükdə o zaman Türkiyəyə qarşı ədalətli münasibət mövcud idi. Bir sözlə, belə görünür ki, Tramp bu dəfə də hakimiyyətə gələcəyi halda, Türkiyə ilə yanaşı, Azərbaycana qarşı da fərqli bir mövqenin tərəfdarı olacaq. Hər halda belə ehtimal daha çoxdur. Görürük ki, Trampa qarşı çıxan Avropa İttifaqı, digər Avropa qurumlarının nümayəndələri, fəal siyasətçilər öncə Baydeni, indi isə Kamala Xarrisi dəstəkləyirlər.  Xarrisin də elektoratının əsas hissəsi  ermənilərin çox yaşadığı Kaliforniya ştatındadır. Və onun uzun müddət erməni diasporuyla əlaqələri olub. Odur ki, özünü daha çox ermənipərəst kimi aparır. Erməni dairələrindən sızan məlumatlardan da bəlli olur ki, Kamala Xarrisin ABŞ-dəki erməni diasporal təşkilatlarıyla uzunümddətli münasibətləri mövcuddur. Belə amillərin Azərbaycanı narahat etməsi də təbiidir...    

– Londonda ölkə liderləri səviyyəsində gözlənilən danışıqlar baş tutmadıqdan sonra Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivi necə görünür?

– Londondakı görüşün baş tutmaması ilə bağlı bu fikirdəyəm ki, Ermənistan Rusiyanın sifarişini yerinə yetirdiyindən Qərb meydanşalarında danışıqlardan qaçır. Və bir sıra erməni politoloq və eskpertləri də o fikirdədilər ki, payıza yaxın Ermənistan yenə də Rusiyaya tərəf meyillənməsini öz siyasətində büruzə verməyə başlayacaq. London görüşündən imtina da məhz buna hazırlıq elementlərindən biri olub. Həmin görüşdən yayınmaq üçün heç bir əsas yox idi. Ermənistan, sadəcə, iki stulda oturmaq cəhdləri kimi köhnə oyunlarla məşğul olmağa çalışır. Bundan sonra Ermənistanın siyasətində rusiyameyilli addımlar daha da çoxalacaq. O ki qaldı sülh danışıqlarının perspektivinə, Azərbaycanın mövqeyi bəllidir, o öz məqsədlərini açıq şəkildə göstərib. Rəsmi Bakı bildirib ki, ilkin saziş və ya prinsiplər sazişi və yaxud preliminar sülh sazişi artıq 80-90 faiz razılaşdırılıb. Yəni Azərbaycan hazırdır. Sadəcə olaraq sülh sazişində bir məsələ öz əksini tapmalıdır; Ermənistan müəyyən olunmuş dövrdə öz konstitusiyasında dəyişiklik edəcəyi barədə öhdəlik götürməlidir. Biz görürük ki, ermənilər bunu etmək istəmirlər. Gec və ya tez bunu etməli olacaqlar. Sadəcə olaraq hansısa xarici oyunçuların Azərbaycana təzyiqini təşkil etmək kimi bir cəhdlər göstərirlər. Mən yenə də bu fikirdəyəm ki, Ermənistanın hazırda atdığı addımlar konkret olaraq sülh danışıqları, yaxud Azərbaycanla münaqişə ilə bağlı yox, daha çox, belə deyək, Şərq-Qərb siyasətində ermənilərin həmişəki kimi manevrləri ilə izah olunmalıdır...